Telefon: +994 50 375 99 86
Email: info@iya.az
“Peşəni Peşəkarlardan Dinlə” : Mingəçevirdə təhsil və biznes bir araya gəldi
  • 07-may-2026, 09:02
  • iya.az
  • 5
  • 0

“Peşəni Peşəkarlardan Dinlə” : Mingəçevirdə təhsil və biznes bir araya gəldi

Mingəçevir Turizm Kollecində turizm sahəsində peşəkarların təcrübəsini tələbə və müəllimlərlə bölüşmək məqsədilə “Peşəni Peşəkarlardan Dinlə” adlı sərgi və dəyirmi masa təşkil olunub.

Sərgidə əsasən Mingəçevir və ətraf rayonların turizm obyektləri iştirak edib. Qonaqlara və kollecin kollektivinə turizm müəssisələrinin xidmət və məhsulları barədə ətraflı məlumat verilib, praktiki nümunələr təqdim olunub.

Sərgi çərçivəsində keçirilən dəyirmi masada isə təhsil, turizm, dövlət idarəçiliyi və biznes nümayəndələri bir araya gələrək, turizm sektorunda kadr hazırlığı, praktiki təcrübənin artırılması və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov çıxışında belə tədbirlərin tələbələrin nəzəri biliklərini real iş mühiti ilə əlaqələndirmək baxımından çox vacib olduğunu vurğulayıb. O qeyd edib ki, işəgötürənlərlə birbaşa əlaqələrin qurulması peşə təhsilinin keyfiyyətini yüksəldəcək və məzunların əmək bazarında rəqabət qabiliyyətini artıracaq.

Dövlət Turizm Agentliyinin Təlim və Təhsil sektorunun müdiri Günay Fərzəliyeva-Qulusoy dövlət səviyyəsində turizm kadrlarının hazırlanmasına dəstəyin əhəmiyyətini bildirib. O, kolleclə biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin ölkə turizminin inkişafına ciddi töhfə verəcəyini vurğulayıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin sektor müdiri Elşən Əliyev Mingəçevirin turizm potensialının artırılmasında bu cür təşəbbüslərin mühüm rol oynadığını qeyd edib və yerli icra hakimiyyəti olaraq belə layihələrə hər cür dəstəyə hazır olduqlarını bildirib.

YAP Mingəçevir təşkilatının sədri Bəxtiyar Mustafayev gənclərin peşəkar inkişafına yönəlmiş tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq, belə layihələrin gəncləri əmək bazarına daha yaxşı hazırlamağa imkan yaradacağını deyib.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ali və orta ixtisas təhsili müəssisələri arasında əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib və birgə layihələr, seminarlar və təcrübə proqramları həyata keçirməyə hazır olduqlarını vurğulayıb.

“Qafqaz Riverside Resort Hotel”in İnsan Resursları üzrə direktoru Babək Mustafayev işəgötürən tərəf kimi çıxış edərək tələbələrin praktiki biliklərə yiyələnməsinin əhəmiyyətini önə çəkib. O, kolleclə əməkdaşlıq çərçivəsində təcrübə proqramlarının təşkili və perspektivli məzunlar üçün iş yerlərinin yaradılmasına hazır olduqlarını bildirib.

Tədbir iştirakçıları turizm sektorunda peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və təhsil müəssisələri ilə işəgötürənlər arasında davamlı əməkdaşlığın zəruriliyini yekdilliklə qeyd ediblər.



Digər xəbərlər

Şərhlər (0)


Şərh yazın

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031