2024-cü ilin yanvar ayının 7-dən “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə proqrama seçilən 21 işsiz gənc ana üçün Usta Yanında Şagird Hazırlığı (UYŞH) proqramına start verilib. Peşələr və ustalar qadınların peşə bacarıqları qazanmaq istədikləri ixtisaslara uyğun olaraq seçilib. Seçilmiş qadınlardan 8 nəfəri stilist-vizalist, 7 nəfəri dərzi, qalanları isə şirniyyat, dırnaqlara qulluq və kompüter istiqamətləri üzrə ustaların yanında təlimə cəlb olunub.
Layihə təşəbbüsü rəhbərinin köməkçisi Yeganə Nəbiyevanın sözlərinə görə, heç də bütün ustalar benefisiarların tələblərini qarşılaya bilməyiblər: “Buna görə də bəzi ustaları dəyişməli olduq, bəziləri ilə isə təkrar müqavilələr bağladıq. Əksər benefisiarlarımız həftədə 3-4 gün (kompüter proqramını öyrənən qadın isə həftədə altı gün) usta yanında olur və öz bacarıqlarını müxtəlif yazışma platformalarında paylaşırlar. Təlimləri 2 ay ərzində başa çatdırmaq, bundan sonra Biznes Planlarını təqdim edən qadınların sahibkarlıq qabiliyyətlərini qiymətləndirmək və avadanlıqla təchizatını həyata keçirmək nəzərdə tutulub”.
Təşəbbüsün növbəti mərhələsində məktəb ictimai şuralarının fəaliyyətini canlandırmaq, onların təhsilin idarə olunmasında iştirakını artırmaq vəzifəsi qarşıya qoyulub. Bu məqsədlə aprel ayında Mingəçevirin 3, 11 və 14 saylı orta məktəblərində layihə təşəbbüsünə qoşulmuş qadınların iştirakilə silsilə tədbirlər gerçəkləşdiriləcək.
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilir.
Şərh yazın