Ötən həftənin sonlarında Mingəçevirdəki 3 və 11 saylı orta məktəblərdə “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə 60-dan artıq valideynlə görüş keçirilib. Onlar məktəb ictimai şuralarının bir həftə davam edən araşdırmalarından sonra işə daha çox ehtiyacı olan analar kimi toplantılara qatılıb. Təşəbbüsün rəhbəri Fərman Nəbiyev 2024-cü ilin iyul ayınadək görüləcək işlərdən danışıb. O, deyib: “Biz sizin məktəbin valideyni olan bir qrup işsiz gənc ananın məşğulluğa və təhsilə əlçatanlığına dəstək olmaq üçün burdayıq. Ümid edirik ki, iqtisadi imkanlara və idarəetmə bilgilərinə yiyələnəcək, övladlarınızın təhsil aldığı məktəbə də diqqətinizi artıracaqsınız”. .
Məlumat verilib ki, təşəbbüs üzrə 20 qadına psixoloji, hüquqi və iqtisadi məsləhət təlimi veriləcək. Onlardan 12-si istehsalat təcrübəsinə cəlb ediləcək. Bu bacarıqlar sayəsində 6 qadın iş tapacaq. 6 qadın isə özünəməşğul şəxsə və sahibkara çevriləcək, onlara avadanlıq formasında maliyyə dəstəyi də göstəriləcək. Eyni zamanda valideynlərin uğur hekayələri hazırlanacaq, ölkə jurnalistləri arasında “Təhsili evdən məktəbə qaytaraq!” adı ilə videomüsabiqə keçiriləcək.
Görüşlərdə layihə təşəbbüsünə maraq göstərən qadınların fikirləri dinlənilib. Bundan sonra işsiz gənc analar google anket üzərindən göndərilən linkə daxil olaraq, təşəbbüsə qoşulmaq üçün onlayn sorğunu cavablandırıblar.
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilir.
Şərh yazın